AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda yeni inkişaf mərhələsi

Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də işğaldan azad edilməsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi xalqımızın yaddaşında yaşayır. Bu qələbə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Qubadlının azadlığı ilə rayonun yenidən dirçəlməsi, sakinlərin doğma torpaqlarına qayıtması və bölgənin iqtisadi potensialının bərpası üçün tarixi imkan yarandı.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu mürəkkəb döyüş şəraitində yüksək peşəkarlıq və cəsarət nümayiş etdirdi. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilən uğurlar Qubadlı əməliyyatının həyata keçirilməsinə əlverişli zəmin yaratdı. Oktyabrın 25-də şəhərin və ətraf kəndlərin azad edilməsi Azərbaycan Ordusunun hərbi üstünlüyünü gücləndirdi və sonrakı əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan hərbi qələbə Azərbaycanın qarşısında yeni vəzifələr müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə suverenliyin bərpası ilə yanaşı, dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlara qayıdışının təmin edilməsi əsas prioritetlərə çevrildi. Qubadlıda aparılan quruculuq işləri bu siyasətin mühüm tərkib hissəsidir.

Şəhərin Baş planının hazırlanması, yeni yaşayış məhəllələrinin, məktəbin və inzibati binanın tikintisinə başlanılması Qubadlının gələcək inkişafına hesablanmış addımlardır. Yol və enerji infrastrukturu layihələri də şəhərin sosial-iqtisadi həyatının bərpasına xidmət edir. Bu tədbirlər əhalinin qayıdışı üçün zəruri şərait yaratmaqla yanaşı, rayonun iqtisadi imkanlarının genişləndirilməsinə də zəmin hazırlayır.

Bu gün Qubadlıda həyata keçirilən işlər qələbənin quruculuqla davam etdirildiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin müasir yaşayış və iqtisadi mərkəz kimi formalaşması istiqamətində ardıcıl tədbirlər görülür. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqımızın vətənpərvərliyinin və gələcəyə inamının parlaq təzahürüdür.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button