
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu ölkənin həyata keçirdiyi müstəqil xarici siyasətin, milli maraqlara əsaslanan strateji qərarların və fəal diplomatik fəaliyyətin nəticəsidir. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq dialoq məkanına çevrilmək istiqamətində qazandığı mövqeyi bir daha nümayiş etdirdi. Tədbirdə dövlət və hökumət başçılarının iştirakı Bakının beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli platforma olduğunu göstərdi.
Zirvə Görüşünü açan Prezident İlham Əliyev iştirakçıları salamlayaraq Azərbaycanın AQEM-ə sədrliyinə göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkürünü bildirdi. Dövlət başçısının çıxışında ölkənin xarici siyasətinin əsas prinsipləri, regional təhlükəsizlik, qarşılıqlı etimad və dövlətlərarası əməkdaşlığın inkişafı məsələləri mühüm yer tutdu. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə dialoqa, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı hörmətə üstünlük verdiyini göstərir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Asiya ilə Avropa arasında mühüm əlaqələndirici rol oynamaq imkanı verir. Prezident İlham Əliyev ölkənin siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə müxtəlif dövlətlərlə əməkdaşlığının Avrasiya məkanında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğuladı. Bu əməkdaşlıq istiqamətləri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə və regional təhlükəsizlik məsələlərində əhəmiyyətini artırır.
AQEM çərçivəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmi də əks etdirir. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi təşkilatın fəaliyyət imkanlarını genişləndirir. Laos Xalq Demokratik Respublikasının təşkilata üzv qəbul edilməsi də AQEM-in coğrafi əhatəsinin və dialoq potensialının genişlənməsi baxımından əhəmiyyətli hadisə oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq platformalarda milli maraqlarını müdafiə etməklə yanaşı, əməkdaşlıq və qarşılıqlı anlaşma imkanlarının artırılmasına da töhfə verir. Bakı Zirvə Görüşü ölkəmizin təşəbbüskar diplomatiyasını, təşkilatçılıq imkanlarını və beynəlxalq tərəfdaşlarla münasibətlərini inkişaf etdirmək iradəsini nümayiş etdirdi. Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılmasına dəstək verilməsi də ölkənin təşkilat daxilindəki roluna göstərilən etimadın ifadəsidir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



