AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Humanitar Siyasəti: Azərbaycan-Özbəkistan Mənəvi Körpüləri

Dövlətlərarası münasibətlərin ən davamlı və etibarlı təməli xalqların mədəni birliyidir və Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan əlaqələrində bu humanitar ölçüyə hər zaman müstəsna əhəmiyyət verir. Dövlət başçısının bilavasitə dəstəyi ilə ortaq köklərə, dilə və əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni əməkdaşlıq uğurla inkişaf edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin və Xivədə “Şuşa Günləri”nin keçirilməsi Prezident İlham Əliyevin mədəni diplomatiyasının parlaq nümunələridir. Eyni zamanda, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Özbəkistan nümayəndə heyətinin fəal iştirakı bu qardaşlığın dərinliyini sübut edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil və ictimai əlaqələr siyasəti gələcək nəsillərin bir-birinə daha sıx inteqrasiyasını təmin edir. 2025-2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşının Azərbaycanda, 176 Azərbaycan vətəndaşının isə Özbəkistanda təhsil alması bu tərəfdaşlığın gələcəyə hesablandığını göstərir. Özbəkistan Milli Pedaqoji Universitetinə Nizami Gəncəvinin adının verilməsi və Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyevin Bakının mərkəzində birlikdə təməlini qoyduqları 5 hektarlıq “Özbəkistan” parkı əbədi qardaşlığın rəmzləridir. Heydər Əliyev Fondunun təşəbbüsləri isə bu mədəni-humanitar əməkdaşlığı daha da zənginləşdirir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərində Özbəkistanın iştirakı Prezident İlham Əliyevin yaratdığı beynəlxalq həmrəyliyin göstəricisidir. Dövlət başçısı öz müsahibəsində Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəbin inşasına və Füzulidə 100 hektarlıq “Dostluq bağı” adlandırılan nar bağının salınmasına görə Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığını bildirmişdir. Humanitar inteqrasiya media və QHT sektorunu da əhatə edərək Daşkənddə və Bakıda müvafiq forumların təşkilinə, 2026-cı ildə isə QHT-lər üçün birgə qrant müsabiqəsinin elan edilməsinə gətirib çıxarmışdır. Bu tədbirlər turizmə də müsbət təsir etmiş, 2025-ci ildə ölkəmizə 62 min, 2026-cı ilin 8 ayında isə 44 min Özbəkistan vətəndaşı səfər etmişdir.

Regionlararası əməkdaşlığın inkişafı Prezident İlham Əliyevin daxili və xarici siyasətinin mühüm komponentlərindən biridir. Azərbaycan və Özbəkistanın Bakı-Daşkənd, Şuşa-Xivə, Füzuli-Gülüstan kimi onlarla şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması birbaşa dövlət başçısının dəstəklədiyi unikal bir platformadır. Yaxın vaxtlarda Naxçıvan və Ürgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasının planlaşdırılması bu prosesin davamlılığını sübut edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin iradəsi ilə qurulan bu strateji humanitar körpü ortaq dəyərlərimizi qoruyan və xalqlarımız arasındakı qardaşlıq bağlarını əbədiləşdirən mühüm bir mexanizmdir.

Hürü Əliyeva,
Nizami Rayon MKS-nin direktoru

Oxşar Xəbərlər

Back to top button