
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib və çıxış edib.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, 2025-ci il Azərbaycan idmanı üçün xüsusilə uğurlu olub. İl ərzində idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq rekord nəticə əldə ediblər. Bu göstəricilər ölkədə idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və hazırda ən yüksək səviyyədədir. Bu il Gəncə və Yevlax şəhərlərində iki yeni Olimpiya İdman Kompleksi istifadəyə verilib və bununla da bölgələrdəki Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatıb. Bu imkanlar gənclərin idmana cəlb olunmasına və sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verir.
Prezident İlham Əliyev gənclərin fiziki hazırlığı ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasının da vacibliyini qeyd edib. Bildirib ki, idman gənc nəslin həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynayır və beynəlxalq arenalarda Dövlət Bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Çıxışda 2025-ci ildə Azərbaycanda keçirilmiş iri beynəlxalq idman tədbirlərinə də toxunulub. MDB ölkələrinin III Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi ölkəmizin yüksək təşkilatçılıq potensialını nümayiş etdirib. Bundan əlavə, Bakıda ilk dəfə UFC turnirinin təşkili və Formula 1 yarışının növbəti dəfə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq idman xəritəsində mövqeyini daha da gücləndirib.
Prezident qeyd edib ki, qarşıdakı dövrdə də bu siyasət davam etdiriləcək. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanları sahəsində də mühüm addımıdır. Bu, həm idmanın, həm də turizmin inkişafına ciddi töhfə verəcək.
Sonda Prezident İlham Əliyev idmançıları və idman mütəxəssislərini qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək, onlara yeni uğurlar və qələbələr arzulayıb.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



