Prezident İlham Əliyevin AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza etməsi ilə bağlı müsahibəsi hadisənin təfərüatları barədə ictimaiyyətdə aydın təsəvvür yaratmış oldu. Azərbaycan hökuməti qəzadan dərhal sonra beynəlxalq ekspertlərdən ibarət qrupun araşdırma aparmasını tələb etmiş və Dövlətlərarası Aviasiya Komitəsinin bu işə cəlb edilməsini rədd etmişdir. Bu mövqe Azərbaycanın məsələyə obyektiv və şəffaf yanaşma tələbinin göstəricisi idi. Rusiya tərəfinin əvvəlcə “qaz balonu partlayışı” və “quş toqquşması” kimi əsassız versiyalar irəli sürməsi isə həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq müstəvidə ciddi tənqidlərə səbəb olmuşdur.
Hadisə yalnız Azərbaycan və Rusiya münasibətlərində deyil, həm də regiondakı təhlükəsizlik və əməkdaşlıq modelində yeni suallar doğurur. Azərbaycanın qəza ilə bağlı prinsipial mövqeyi regionda hər bir ölkənin beynəlxalq hüquqa uyğun hərəkət etməsi və məsuliyyət daşıması zərurətini bir daha xatırladır. Azərbaycan-Rusiya münasibətləri bu hadisədən sonra müəyyən bir gərginlik yaşasa da, hər iki tərəf bu situasiyanı düzgün idarə edərək etimadı bərpa etməlidir. Azərbaycan tərəfinin şəffaflıq tələbləri, beynəlxalq hüquqa uyğunluğu və diplomatik yetkinliyi bu məsələdə üstünlük təşkil edir. Regionda sülh və sabitliyi qorumaq üçün bütün tərəflərin obyektiv və ədalətli mövqe sərgiləməsi, xüsusilə də hadisənin təfərrüatlarının tam araşdırılması vacibdir.
Hadisə ilə bağlı Prezident İlham Əliyev tərəfindən günahkar tərəf olan Rusiyaya müvafiq ciddi mesajlar verildikdən sonra Prezident Vladimir Putin üzrxahlıq etdi: “Lakin bu üzrxahlıq heç də hadisə ilə bağlı atılmalı olan addımları hərtərəfli şəkildə əhatə etmir. Çünki təyyarə qəzası ilə əlaqədar Azərbaycan tərəfinin Rusiyaya yönləndirilmiş tələbləri var. Bu tələbləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha ifadə edib. Belə ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Azərbaycan ictimaiyyəti ümid edir ki, şərtlər Rusiya tərəfindən qəbul ediləcək. Çünki bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi