AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirir

Beynəlxalq münasibətlərdə ədalətin təmin olunması dövlətlərə münasibətdə eyni hüquqi və siyasi meyarların tətbiq edilməsini tələb edir. İkili standartlar beynəlxalq təşkilatlara olan etimadı zəiflədə və münaqişələrin həllini çətinləşdirə bilər. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə diqqət çəkərək beynəlxalq münasibətlərdə seçici yanaşmaların zərərli nəticələrini vurğuladı.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı işğal və münaqişə təcrübəsi beynəlxalq hüququn ardıcıl tətbiqinin əhəmiyyətini göstərir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun müddət işğal altında qalmasına baxmayaraq, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar illərlə icrasız qalıb. Bu vəziyyət beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı ciddi suallar doğururdu.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsini və münaqişənin həlli üçün yaradılmış mexanizmlərin nəticəsiz fəaliyyətini xatırlatdı. Onun çıxışında əsas mesaj beynəlxalq hüququn yalnız sənədlərdə deyil, real siyasi praktikada da işləməsinin vacibliyi idi. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələlərinə münasibətdə seçici yanaşma uzunmüddətli sabitliyə mane ola bilər.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülhün təmin edilməsinə üstünlük verdiyini bəyan edib. Bu mövqe dövlətin milli maraqlarını qorumaqla yanaşı, gələcək qarşıdurmaların qarşısının alınmasına yönəlmiş yanaşmanı da əks etdirir. Prezident İlham Əliyev müharibədən sonra Ermənistana sülh təklif edildiyini və mövcud sülhün qorunmasının vacibliyini qeyd etdi.

Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin əhəmiyyətini bir daha gündəmə gətirdi. Prezident İlham Əliyevin prinsipial mövqeyi beynəlxalq qərarların icrasına, dövlətlərin hüquqlarına hörmətə və münaqişələrin ədalətli həllinə çağırış kimi dəyərləndirilə bilər. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin formalaşmasına verdiyi önəmi nümayiş etdirir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button