AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın tarixi təcrübəsindən beynəlxalq ictimaiyyət üçün nəticələr çıxarır

Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yol beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından mühüm dərslər ortaya qoyur. Uzun müddət davam edən işğal, beynəlxalq qərarların icrasız qalması və nəhayət, ərazi bütövlüyünün bərpası ölkəmizin müasir tarixinin əsas mərhələlərindəndir. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə bu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim edərək qlobal təhlükəsizlik üçün vacib məsələləri gündəmə gətirdi.

Dövlət başçısı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizinin 30 il ərzində işğal altında qaldığını bildirdi. Bir milyon azərbaycanlının öz doğma yurdlarından qovulması və yaşayış məntəqələrinin dağıdılması münaqişənin ağır humanitar nəticələrini göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun müddət icra olunmaması isə beynəlxalq hüquqi mexanizmlərin səmərəliliyi ilə bağlı ciddi suallar yaradıb.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq qərarların icrasını təmin edən mexanizmlər hazırlanmadıqca münaqişələrin davam etməsi və yeni qarşıdurmaların meydana çıxması riski qalır. Bu fikir beynəlxalq təşkilatların məsuliyyətinin artırılması və qəbul olunan sənədlərin praktik nəticələrlə müşayiət olunmasının vacibliyini göstərir. Azərbaycan öz təcrübəsi əsasında bu məsələnin qlobal əhəmiyyətini diqqətə çatdırır.

2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın tarixində həlledici mərhələlər oldu. Prezident İlham Əliyev çıxışında ölkəmizin öz ərazi bütövlüyünü təmin etdiyini, müharibədən sonra isə sülh təklif etdiyini bildirdi. Bu yanaşma tarixi ədalətin bərpası ilə gələcəkdə sabitliyin qurulması məqsədinin bir-birini tamamladığını göstərir.

Azərbaycanın təcrübəsindən çıxarılan əsas nəticələr beynəlxalq hüququn ardıcıl tətbiqinin, dövlətlərin suverenliyinə hörmətin və beynəlxalq təşkilatların qərarlarının icrasının əhəmiyyətidir. Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər bu məsələlərin qlobal gündəmdə saxlanılmasına xidmət edir. Bakı Zirvə Görüşü Azərbaycanın tarixi təcrübəsinin beynəlxalq əməkdaşlıq və təhlükəsizlik müstəvisində müzakirəsi üçün mühüm platforma oldu.

Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button