AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyev Azərbaycanın regional təhlükəsizlik məsələlərində fəal rolunu vurğulayır

Regional təhlükəsizlik dövlətlərin sabit inkişafı, iqtisadi əməkdaşlığın genişlənməsi və xalqların rifahının yüksəlməsi üçün vacib şərtdir. Münaqişələrin qarşısının alınması, suverenliyə hörmət və dövlətlər arasında etimadın gücləndirilməsi təhlükəsizliyin əsas elementləridir. AQEM-in 7-ci Zirvə Görüşündə Azərbaycanın regional təhlükəsizlik sisteminə verdiyi töhfələr Prezident İlham Əliyevin çıxışında mühüm yer tutdu.

Prezident İlham Əliyev Azərbaycanın müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığının regional təhlükəsizliyi möhkəmləndirdiyini bildirdi. Bu əlaqələr qarşılıqlı maraqların inkişafına və dövlətlər arasında dialoqun genişlənməsinə şərait yaradır. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi regional əlaqələndirmə baxımından ölkəyə əlavə imkanlar qazandırır.

Azərbaycanın münaqişə təcrübəsi təhlükəsizliyin təmin olunmasında beynəlxalq hüququn ardıcıl tətbiqinin əhəmiyyətini göstərir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun müddət icra olunmaması işğalın davam etməsinə və humanitar problemlərin dərinləşməsinə səbəb olmuşdu. Prezident İlham Əliyev bu təcrübəni xatırladaraq beynəlxalq qərarların icrasını təmin edən mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğuladı.

2020-ci və 2023-cü illərdə baş verən hadisələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi. Dövlət başçısı çıxışında ölkənin öz hüquqlarını bərpa etdiyini və bundan sonra sülhün qorunmasının vacibliyini qeyd etdi. Regionda sabitliyin möhkəmlənməsi üçün dövlətlərin qarşılıqlı suverenliyə hörmət etməsi və siyasi məsələləri dialoq yolu ilə həll etməsi əhəmiyyətlidir.

Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər regional təhlükəsizliyin yalnız hərbi məsələlərdən ibarət olmadığını göstərir. İqtisadi əlaqələr, nəqliyyat bağlantıları, diplomatik dialoq və beynəlxalq hüquqa hörmət də sabitliyin mühüm komponentləridir. Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığı təşviq etməsi regionda qarşılıqlı etimadın və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button