Analitika

Ölkəmiz uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qalmışdı

Ölkəmiz uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qalmışdı. Erməni işğalında qalan rayonlarımızdan biri də Cəbrayıl rayonudur ki, bu rayon 27 il boyunca işğaldan əziyyət çəkdi. İşğala qədər 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna erməni işğalı zamanı 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olan Cəbrayıl rayonunda dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olan Cəbrayıl rayonunda elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.İşğal nəticəsində rayonda bütün maddi-mədəni abidələr-“Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən müharibəsinin ilk günündə, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri 3 oktybar tarixində, Cəbrayıl şəhəri və rayonun 9 kəndi Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri 4 oktyabr tarixində işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Rəşadətli ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və şücaəti qiymətləndirmək məqsədi ilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. İnfrastruktur layihələrinin icrası, tarixi və dini abidələrimizin bərpası prioritet məsələlər sırasındadır. Tarixi abidələrimiz kimliyimizin təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri görülən işlərin təqdimatıdır. Bu səfərlər, həmçinin yeni obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Cəbrayıl rayonun timsalında bərpa-quruculuq işlərinin ümumi mənzərəsi aydın görünür.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button