SiyasətGündəmMədəniyyət

Oğuzda “Kostitusiya və Suverenlik İli” ilə baglı tədbir keçirilib

18 aprel 2025-ci il tarixdə Oğuz şəhər Emin Abdullayev adına 2N-li  Texniki və  Təbiət fənləri Təmayüllü Liseydə  Yeni Azərbaycan Partiyası (YAP) Oğuz  rayon təşkilatı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon üzrə Təhsil sektorunun və Oğuz rayon Ağsaqqallar Şurasının  birgə təşkilatçılığı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda  tədbir keçirilib.

ƏsasXəbər xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası  Oğuz  rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, Oğuz rayon  Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov, ŞZRTİ-nin Oğuz rayon üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev , Oğuz şəhər 4 N-li ərazi partiya təşkilatının fəalları iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Oğuz şəhər 4N-li Ərazi Partiya Təşkilatının sədri Günel Abdullayeva   tədbirin məqsədi barədə məlumat verib. O, bildirib ki, 2024-cü il 28 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu qərar hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov  çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, onu möhkəmləndirərək davamlı inkişaf yoluna çıxaran dahi şəxsiyyət olduğunu bildirib və məhz onun rəhbərliyi ilə 1995-ci ildə Azərbaycanın ilk müstəqil Konstitusiyasının qəbul olunması prosesindən, insan hüquq və azadlıqlarının qorunması baxımından əhəmiyyətindən, dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Natiq vurğulayıb ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.

Saleh Məhərrəmov  bildirib ki, konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Bu günkü reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrildiyini qeyd edən Saleh Məhərrəmov  Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

Oğuz rayon Ağsaqqallar Şurasının sədri Ehtibar  Yusubov suverenlik anlayışının mahiyyəti, suverenliyimizin tam bərpa olunması və onun qorunmasının dövlətin müstəqilliyi üçün nə qədər vacib olduğunu, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi xidmətlərini qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub, bu gün də Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir. Ehtibar Yusubov vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində qəbul edilən  Konstitusiyamız dövlət, cəmiyyət, vətəndaş arasındakı münasibətləri tənzimləyən ən ali qanundur, qanunvericilik sisteminin əsasıdır.

Çıxış edənlər Oğuz şəhər  Emin Abdullayev adına 2 N-li Texniki və Təbiət fənləri Təmayüllü Liseyin direktoru Qəmzə Süleymanova və liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Zəkəriyyəyeva  Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycanı yeni dövrdə misilsiz inkişafın növbəti mühüm mərhələsi gözlədiyini, dövlətimiz və xalqımızın tarixi nailiyyətlərə imza atmaqda davam edəcəyini bildirib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar sayəsində Azərbaycan dövləti bu gün müstəqil, güclü və suveren bir ölkə kimi dünya arenasında layiqli yer tutur.

Tədbirin sonunda  Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.

Oxşar Xəbərlər

Back to top button