AnalitikaGündəmSosial

Novruz bayramı Azərbaycan xalqının milli mənəvi dəyəridir

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı!Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlayıb. Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ lap qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir. Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd ediblər. Dövlətimiz bu bayrama böyük önəm verir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. O tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Prezident İlham Əliyev hər il möhtəşəm Novruz tədbirlərində iştirak edir və bu bayramın əhəmiyyətini xüsusi vurğulayır. Öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.

Ramin Əliyev
YAP fəalı

Oxşar Xəbərlər

Back to top button