
Parlaq zəfərimizin beşinci ildönümünü “Konstitusiya və Suverenlik İli” kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Prezident İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürməsi xalqımıza növbəti sevinc bəxş edəcək bir addım kimi dəyərləndirilməlidir. On minlərlə ailənin şadlığına səbəb olacaq bu təşəbbüs Prezident İlham Əliyevin yüksək humanizm dəyərlərinə söykənən siyasətinin daha bir təzahürüdür. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yeni müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi Prezident İlham Əliyevin siyasi-hərbi diplomatik qələbələri ilə tam təmin edilib.Vaxtilə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası bütün ərazilərimizdə hüquqi qüvvəyə minib.
44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi qələbələr xalqımızın həyatında bütün sahələrdə mühüm hadisələrin yaşanmasına da birbaşa rəvac verib. Elə “Konstitusiya və Suverenlik İli” münasibətilə Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etməsinin özünün də rəmzi mənası var. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunan amnisitiya aktı da bu xoş ənənin növbəti göstəricisi idi. Zəfər Günü münasibətilə elan olunmuş amnistiya 17 min 267 şəxsə şamil edilmişdir. Ümumiyyətlə, dövlətimizin rəhbəri İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən dövlət siyasətindən irəli gəlir.
Humanizmə köklənmiş siyasət nəticəsində verilən amnistiya aktları, əfv sərəncamları çoxsaylı məhkuma insan üçün ən böyük hədiyyə olan azadlıq verir. İnsan amilinə dəyər baxımından atılan bütün bu müstəsna əhəmiyyətli addımlar eyni zamanda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmaları, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmaları, həmçinin bir daha cinayət əməli törətməmələri istiqamətində görülən tədbirlərin effektivliyi baxımından da müstəsna əhəmiyyət daşıyır. Bütün bunlar həm də onu göstərir ki, həmişə insan hüquqlarına hörmət siyasəti nümayiş etdirən, sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına mərhəmət hissi ilə yanaşan Azərbaycan dövləti hüquqi islahatları dövrün tələblərinə uyğun formada daim təkmilləşdirir.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



