
“Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov vurğulayıb ki, AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar tərəfindən isə onun icrası tələb olunmadı. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Yalnız Kəlbəcərin işğalından 27 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayon işğaldan azad edildi”.
Ramil Vəlibəyov bildirib ki, 2020-ci il Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi: “Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində bir qüllə atılmadan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edldi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Prezidentinin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. Həmçinin, şanlı zəfərin təcəssümü olaraq 25 noyabr tarixi Prezident İlham Əliyevin Sərəncamına əsasən “Kəlbəcər şəhəri günü” elan edildi”.
Ramil Vəlibəyov qeyd edib ki, bu gün Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır, yenidən qurulur, bərpa edilir: “Hazırda Kəlbəcər rayonunda bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilib. Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Heç şübhəsiz ki, bütün bu işlərin görülməsi Azərbaycan dövlətinin qüdrətini, qətiyyətini və iradəsini nümayiş etdirir”.



