1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji itkisi hesab olunurdu. Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir.
Ulu öndər Heydər Əliyev qeyd etmişdir ki, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Ulu Öndərimizin dediyi həmin şanlı gün gəlmişdir. Həmin günü isə xalqımıza Ulu Öndərimizin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyev və onun sərkərdəliyi ilə Müzəffər Azərbaycan Ordusu bəxş etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. İşğaldan azad olunan ərazilərdə yaşayış üçün şərait qurulur, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində tədbirlər həyata keçirilir, eyni zamanda məşğulluq məsələsi öz əksini tapır. Nəticə etibarilə yüzminlərlə insanın öz torpaqlarına qayıdışı burada həyatı canlandıracaq.
Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində, Kəlbəcərin qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı