44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilib. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi. Kəlbəcərin işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin yerinə yetirilməsi deməkdir. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qanunsuz məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Kəlbəcəri tərk etməsilə bağlı videolara baxanda adamı dəhşət bürüyür. Belə ki, qanunsuz yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələrinə qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər – 29 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq.
Aynur Həsənova,
YAP-ın gənc fəalı