Müstəqilliyinin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə otuzillik işğala son qoydu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.
Vətən müharibəsindəki parlaq zəfərdən sonra Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Ən müasir şəhərsalma nümunələri istifadə edilir. Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidən qurulmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da aydın göstərir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir.
Qeyd edək ki, məhz azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talışın azad olunduğu günün birinci ildönümündə – 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə çəkilən avtomobil yollarının açılış mərasimi oldu. Çox mühüm əhəmiyyət daşıyan yollardan biri, əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yoludur. Bu, qalib Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə salınan yoldur. Yolun tikinti işləri cəmi 10 ay ərzində həyata keçirilib. Bu səbəbdən deyə bilərik ki, nəinki regionda, hətta yol tikintisi tarixində belə genişmiqyaslı, qısa müddət ərzində respublika əhəmiyyətli yolun inşası aparılmayıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli rayonuna səfərləri zamanı yolun təməli qoyulmuşdu. Noyabrın 17-də dövlət başçısının imzaladığı sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan bu avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrıldı. 2021-ci il noyabr ayının 7-də isə dövlət başçısı yolun açılışını etdi.
Ancaq onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tikintisi ilə mütəmadi olaraq maraqlandığı Zəfər yolu 2021-ci ilin sentyabr ayından istifadəyə verilmişdir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Ali Baş Komandan İlham Əliyevin quruculuq əzmini simvolizə edir, dünya bir daha Azərbaycanın gücünə, qüdrətinə heyran qalır.
Şəhanə İmranova,
Zabrta qəsəbəsi, 71 nömrəli tam orta məktəbin tarix müəllimi