AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində səsləndirdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan-Laos əlaqələrinin mövcud vəziyyətini dəyərləndirərək əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev Laos Prezidentini Azərbaycanda səmimiyyətlə salamladığını bildirdi və onun rəsmi səfərinin ikitərəfli münasibətlərə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, beynəlxalq tədbirlər çərçivəsində keçirilmiş əvvəlki görüşlər iki ölkənin rəhbərlərinə qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaradıb. Rəsmi səfər isə həmin təmasların daha konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəyanatda siyasi dialoq, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Azərbaycan və Laosun beynəlxalq təşkilatlarda bir-birinə göstərdiyi dəstək dövlətlər arasında qarşılıqlı etimadın möhkəm əsasını təşkil edir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkənin beynəlxalq platformalarda mövqelərinin qarşılıqlı anlaşma şəraitində əlaqələndirilməsinə imkan yaradır.

Dövlət başçısı iqtisadi və ticarət əlaqələrinin mövcud potensialı tam əks etdirmədiyini bildirdi. Bu istiqamətdə konkret addımların atılması, biznes dairələri arasında əlaqələrin qurulması və qarşılıqlı investisiya imkanlarının araşdırılması vacib hesab olunur. Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos biznes forumu sahibkarların bir-birini daha yaxından tanımasına və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edə bilər.

Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan xarici siyasətində dost ölkələrlə əlaqələrin genişləndirilməsinə, iqtisadi tərəfdaşlığın gücləndirilməsinə və qarşılıqlı fayda prinsiplərinə əsaslanan əməkdaşlığa önəm verir. Azərbaycan-Laos münasibətlərinin gələcək inkişafı üçün siyasi iradə mövcuddur. Əsas məsələ bu iradəni konkret layihələrə, ticarət əlaqələrinə və davamlı tərəfdaşlıq mexanizmlərinə çevirməkdir.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button