
44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır. İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb. Ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndindən başlayan köç hazırda Laçın şəhəri ilə davam edir. Bu günə qədər isə Ağalı, Tərtərin Talış kəndi və Laçın şəhərində ümumilikdə 1000-dən çox sakin məskunlaşıb. Proses isə davam etməkdədir. Təbii ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra uzun illər ərzində barbarlar tərəfindən viran qoyulan ərazilərin yenidən qurulması və bərpasının nə zaman başa çatacağı dünya ictimaiyyəti üçün də maraqlıdır. Elə iyulun 21-də Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də bu istiqamətdə oldu. Dövlət başçısı “Əl-Cəzirə” telekanalının jurnalistinin “Qarabağın yenidən qurulması nə vaxt bitəcək və nə qədər çəkəcək?” sualını belə cavablandırdı: “Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük qayıdış proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni bu ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar – Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində”. Xatırladaq ki, həm 2021-ci, həm də 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 2.2 milyard manat vəsait ayrılıb. Ötən il isə büdcəyə daxilolmalar nəticəsində dəyişiklik ediləndən sonra yenidənqurma işlərinə əlavə 470 milyon manat vəsait ayrılmışdı. 2023-cü il üçün isə Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərə ilkin mərhələdə 3 milyard manat ayrılsa da, dürüstləşmədən sonra daha 2 milyard 260 milyon manat vəsait yönəldilib. Məskunlaşma prosesinin tədricən getdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır: “Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq”.
Sahil Əliyev,
YAP-ın gənc fəalı