İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək
İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək. Bu qaz layihəsinin reallaşması həm Naxçıvanın sosial durumunun, həm investisiyaların cəlb ediciliyinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu qaz boru xəttinin çəkilməsi gələcəkdə Zəngəzur xəttinin çəkilməsinə də öz təsiri göstərəcək. Bu isə həm Naxçıvanın, həm Azərbaycanın və Türkiyənin, ümumilikdə regionun inkişafına töhfə verəcək. Eyni zamanda Türkiyə və Azərbaycanın dövlət başçılarının birgə fəaliyyəti bizim regional iqtisadi inkişafa və əməkdaşlığa müsbət təsir göstərəcək.
Qeyd edilməlidir ki, İğdır-Naxçıvan boru kəmərinin inşası və istifadəyə verilməsi Naxçıvanın sənayesinin inkişafına da öz töhfəsini verəcək: “Çünki təbii qaz təchizatı şaxələndiriləcəyi üçün Naxçıvan daha böyük həcmlərdə və daha əlverişli qiymətlərlə təbii qaz ilə təchiz edilə biləcək. Bu isə, Naxçıvanda istehsal olunan sənaye məhsullarının maya dəyərinin aşağı düşməsinə təsir göstərəcək, nəticədə Naxçıvana əlavə rəqabət üstünlüyü qazandıracaq. Sənayenin inkişafı isə öz növbəsində iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaranmasına və məşğulluq səviyyəsinin artmasına təkan verəcək.
İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu addım, Azərbaycan hökumətinin İqdır -Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Naxçıvanı blokadadan çıxartmaq istiqamətində siyasətinin təntənəsi kimi də qiymətləndirilə bilər. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Türkiyə ilə qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və həm bizim əlaqələrimizə yeni təkan verəcək, həm də Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Artıq bölgədə gedən siyasi proseslərin önəmli oyunçuları olan iki dövlət arasında proseslər yeni mərhələyə qədəm qoyub. Yeni mərhələ Azərbaycan və Türkiyənin lokal, regional və beynəlxalq səviyyədə yürüdülən siyasi xətdə qarşılıqlı maraqların nəzərə almasını tələb edir. Bunun nəticəsində iki qardaş ölkə zaman-zaman gözlənilən istənilən təklükələrə birlikdə qarşı sinə gərəcəklər. Bu gün Azərbaycan və Türkiyənin müştərək maraqlarının məzmunu ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın və ölkələrin ərazi bütövlüyü təmin edilsin.
Qurbanova Tofiqə,
YAP-ın fəalı