İğdır–Naxçıvan qaz kəməri layihəsi iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcək
“Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm seqmenti rolunu oynayacaq Zəngəzur Dəhlizini işə salmaq üçün əlverişli imkan qazanıb. Artıq Uzaq Çini Avropaya yaxınlaşdıran, beynəlxalq yükdaşımalar üçün müstəsna əhəmiyyət daşıyan bu dəhlizin açılması xeyli aktuallaşıb. Türkiyənin türk dünyasına açılan qapısı sayılan Naxçıvandan keçəcək bu dəhlizin önəmi getdikcə daha çox etiraf edilir. Zəngəzur Dəhlizi, həm də Naxçıvan Muxtar Respublikası ilə quru yolla birbaşa kommunikasiyaların qurulması üçün geniş imkanlar yaradır”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, artıq Türkiyənin əsas qaz tədarükçülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə muxtar respublikanın qaz təminatı probleminin həlli üçün yeni fürsət qazanıb. Bu baxımdan sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulmuş İğdır–Naxçıvan qaz kəməri muxtar respublikanın “mavi yanacaq”la təchizatı baxımından müstəsna əhəmiyyət kəsb edir. Mühüm infrastruktur layihəsi olan İğdır–Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması ilə muxtar respublikanın “mavi yanacaq”la təchizatında əhəmiyyətli dəyişikliklər baş verəcək. Eyni zamanda kəmərin işə düşməsi muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə imkan yaratmaqla onun bir mənbədən asılılığını aradan qaldıracaq. Naxçıvanın sosial-iqtisadi inkişafına təkan verən yeni infrastruktur layihəsi isə artıq icra mərhələsinə qədəm qoyub.
“İğdır–Naxçıvan qaz kəmərinin işə düşməsi bölgənin “mavi yanacaq”la təchizatının xeyli yaşılaşdırılmasına səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında yeni infrastrukturun əhəmiyyətini bir daha vurğulayıblar. İğdır–Naxçıvan qaz kəmərinin çəkilişini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə kimi dəyərləndirən Azərbaycan Prezidenti bunun əlaqələrimizə yeni təkan verəcəyini, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəyini bildirib”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, İğdır–Naxçıvan qaz kəməri layihəsinin iki ölkə arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirəcəyi kimi, Avropanın da enerji təhlükəsizliyinə töhvə verəcək.