İctimai iaşə fəaliyyəti göstərən şəxslərin POS-terminal vasitəsilə nağdsız dövriyyəsi üzrə vergi yükü azaldılır

Məlum olduğu kimi, vergi qanunvericiliyinə əsasən, 1 yanvar 2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən çıxılır.
ƏsasXəbər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu optimallaşmanın davamı olaraq, 2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Həmçinin, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir.
“Dəyişikliyi nümunə üzərindən izah edək: İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2400 manat təşkil edəcək.
Digər nümunə: İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3200 manat təşkil edəcək.
Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq”,- deyə məlumatda qeyd olunub.



