Füzuli rayonu 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra yeni bir inkişaf dövrünə qədəm qoydu. Rayon tarixi-dini abidələri ilə zəngin olmaqla yanaşı, strateji əhəmiyyətə malikdir. Füzulinin işğaldan azad olunması ilə geniş bərpa və inşaat layihələri həyata keçirilmişdir. Beynəlxalq Hava Limanının açılışı, “Zəfər yolu”nun inşası, yeni yaşayış və təhsil müəssisələrinin tikintisi bu inkişafın əsas göstəriciləridir. Ərazidə minaların təmizlənməsi və dağıntıların qiymətləndirilməsi üçün də mühüm addımlar atılır. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə 17 oktyabr “Füzuli Şəhəri Günü” elan edilmişdir. Bu gün azadlıqdan inkişafa keçid mərhələsini simvolizə edir və rayonun gələcəyi üçün bir başlanğıcdır. Eyni zamanda “Böyük Qayıdış” proqramı çərçivəsində 2026-cı ilə qədər 22 min nəfərin Füzuliyə qayıdacağı gözlənilir.
Vətən Müharibəsi zamanı isə Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Füzuli uğrunda aparılmış döyüşlər həm də müharibənin ən ağır döyüşlərindən idi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdur. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır.
Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu qələbənin əldə olunmasında mühüm rol oynayır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi