Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti
44 günlük Vətən müharibəsindən keçən üç ilə yaxın müddət ərzində həm Ermənistan ordusu, həm də Qarabağdakı qanunsuz silahlı dəstələr tərəfindən mövqelərimiz müxtəlif çaplı silahlarla atəşə tutulur, bununla paralel olaraq ermənilər mina terrorunu da davam etdirirlər. Vətən müharibəsindən sonra 314 nəfər minaya düşüb, onlardan 61 nəfəri həyatını itirib.
Məlumdur ki, son aylar Azərbaycanın Qarabağ bölgəsində erməni separatçıları vəziyyəti gərginləşdirməklə məşğuldur. Bu xüsusda döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər aşkara çıxır.
Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
Senytabrın 19-da mülkü vətəndaşlarımıza və DİN işçilərinə qarşı erməni diversantlarının törətdiyi terror aktı onların məkrli niyyətlərini ortaya qoyur. Bu, növbəti mina terrorudur. Mənfur Ermənistan tərəfindən bu cür təxribatlar səngimir, davam etdirilir. Bu qədər müraciətlər edilir, bu qədər bəyanatlar verilir, amma onlar nəticə çıxarmır. Ermənistanın və erməni separatçılarının terror cinayətlərinin artması Azərbaycan ordusunun Qarabağ bölgəsində antiterror əməliyyatlarına başlanmasını zəruri edirdi. Bu antiterror əməliyyatını keçirməyə Azərbaycan ordusunu erməni separtçıları özləri vadar etdilər. Çünki bu antiterror əməliyyatlarına qədər Azərbaycan dövləti dəfələrlə separatçılara xəbərdarlıqlar etdi, lakin onlar bundan heç bir nəticə çıxarmadılar. Erməni separatçıları öz əsassız iddialarından əl çəksəydilər, mina terrorunu dayandırsaydılar, üçtərəfli bəyanata əməl etsəydilər bu gün antiterror əməliyyatına ehtiyac olmazdı. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoysaydılar belə olmazdı. Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan dövləti konstitutsiya hüququnu bərpa etmək üçün antiterror əməliyyatı keçirtməlidir və orada sepaartçıların varlığına son qoymalı, terrorçuları yox etməlidir. Bu antiterror əməliyyatları nəticəsində terrorçular Qarabağımızdan təmizlənməlidir. Bu əməliyyatların keçirilməsi zərurət idi. Azərbaycan vətəndaş cəmiyyəti bu antiterror əməliyyatlarını dəstəkləyir. Allah Şəhidlərimizə rəhmət etsin!
Murad Zeynalov,
YAP-ın fəalı