Analitika

Erməni vandallarının təbiətə qarşı etdikləri terrorun hələdə izləri qalır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.

Ermənistan Qarabağ bölgəsində ekologiyanı məhv etməklə bərabər, yeraltı və yerüstü sərvətlərimizi də talayıb. Kəlbəcər rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən qablaşdırılıb, üzərində Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılıb.

İşğal dövründə Azərbaycan dəfələrlə Ermənistanın əməlləri haqqında beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırsa da, həmişəki kimi Ermənistana yetərli təzyiq olmayıb. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qaldı.

Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçaya axıdaraq, ekoloji təhlükəni daha da dərinləşdirib. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da Tərtər, Yevlax, Goranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edəcək. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, bağlanmışdı. Anbardan kanala su yalnız  qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra oradakı ekoloji vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilən monitorinqlərin nəticələrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 31 beynəlxalq təşkilata müraciət göndərilib. Ermənistanın silahlı təcavüzü, işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekoloji ziyan dəyib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilib, hesabatı aparıldıqdan sonra Ermənistanın vurduğu ziyanla əlaqədar kompensasiyaya cəlb ediləcəyinə ümidvarıq.

İsmayılova Şəbnəm,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button