Analitika

Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycan Ordusunun zəfər yürüşünün nəticəsidir

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsi işğal edilmişdir. Ərazisi 1 094 kv.km olan Ağdamın 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib. Ağdamda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın digər bölgələrində məskunlaşmışdırlar. Ermənistanın hərbi xuntası artıq 27 ildir işğal altında olan Ağdam rayonu ərazisində öz mühüm istehkam işlərini aparmışdı

2020-ci ilin 20 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qüdrətli ordusunun şücaəti nəticəsində 30 illik həsrətə son qoyulmuş və Ağdam bir güllə atılmadan düşmən tapdağından təmizlənmişdir. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, o cümlədən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Ən əsası isə, Ağdam rayonu kimi strateji bir ərazinin məhz bu cür azad edilməsi Azərbaycanın bu müharibədəki qəti qalibiyyətinin növbəti təsdiqinə çevrildi. İşğaldan azad olunmuş bütün ərazilərin ümumi planının qısa müddət ərzində hazırlanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin olunub. Baş planların hazırlanması zamanı müasir “ağıllı şəhər” yanaşmaları, “yaşıl enerji” və təmiz ətraf mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafı, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritet götürülüb. Həmçinin ərazi planlaşdırma sənədlərinin işlənməsi zamanı mədəni və tarixi irs obyektlərinin bərpası, qorunması və ictimai-mədəni mühit üçün zəruri infrastrukturun yaradılması da diqqətdə saxlanılır, mövcud abidələr və onların cari vəziyyətinə dair məlumatlar nəzərə alınır. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda həmin ərazilərdə infrastruktur layihələri, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının tikintisi işğaldan azad olunmuş regionun artıq təsdiq olunmuş Ümumi Planına uyğun həyata keçirilir. Hər bir yeni kompleks layihələndirmə zamanı müvafiq məkanda əsrlərlə formalaşmış memarlıq ənənələrinin də qorunmasına xüsusi önəm verilir.

Ağdam və bir çox digər şəhər və kəndlərin baş planlarının hazırlanması artıq başa çatdırılıb, yüzlərlə yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Yerləşdiyi regionun iqtisadi-siyasi lideri olan Azərbaycan dövlətinin qısa zamanda Ağdam rayonunu yenidən inşa edəcəyinə, illərdir yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yüksək şəraitin yaradılacağına isə şübhə yoxdur. Böyük Vətən müharibəsində əldə olunmuş tarixi zəfərdən dərhal sonra, Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırığa əsasən Qarabağın bəy otağı olan Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə Azərbaycan vətəndaşlarının ziyarəti üçün səfərlər təşkil olunmaqdadı.

Rzayeva Səba
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button