Elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır

2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması mühüm tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz Azərbaycanın şərtləri ilə icra edildi. ğdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin, yəni 1500 ailənin məskunlaşması nəzərdə tutulub. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikintisi aparılır. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfər işlə təmin olunacaq. Xıdırlı kəndində tikinti işlərinin 2024-cü il aprelin 10-da başa çatdırılması nəzərdə tutulur. Digər bir kənd, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndi də yenidən qurulur. Kənddə 2 min 626 nəfər, yəni 639 ailə məskunlaşacaq. Tikinti işlərinin aparılmasından sonra birinci mərhələdə kəndə 1279 nəfər köçürüləcək və onlar yeni və müasir üslubda tikilmiş 290 fərdi evdə yaşayacaq. Burada bütün xidmət sahələri yaradılacaq, 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Yenidən tikilən Sarıcalı kəndində 1720 nəfər, 425 ailə yaşayacaq. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq, 774 nəfər işlə təmin olunacaq. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır. Yaxın gələcəkdə burada yüzlərlə iş yeri açılacaq və əhalinin məşğulluğu təmin ediləcək. Xüsusilə Ağdamda yaradılan Aqrar Sənaye Parkı burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsində önəmli rol oynayacaq. Bu park 190 hektar ərazidə tikilir və Ağdam şəhərinə çəkilən əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir. Prezident İlham Əliyev 2021-ci ilin mayın 28-dəMüstəqillik Günündə Ağdama səfəri zamanı deyib: «Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır» Azad edilmiş ərazilərin inşası və bərpası, əsasən onların minalardan təmizlənmə sürətindən də asılıdır. Artıq təmizlənmiş ərazilərdə tikinti işləri tam sürətlə gedir. Hazırda Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu işlək vəziyyətdədir. Bu yol Qarabağ iqtisadi rayonuna yeni nəfəs verəcək və regionda iqtisadiyyatın tezliklə bərpasının təməlini qoyacaq. Bu gün Ağdam şəhəri və kəndlərinin bərpası istiqamətində genişmiqyaslı işlərin görülməsi, xüsusən Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı infrastrukturun qurulması istiqamətində ciddi tapşırıqların verilməsi ağdamlı məcburi köçkünlərin ürəyindən xəbər verir. Bu isə Ağdamı ağdamlılara qaytaran, onu tikib abadlaşdıran Müzəffər Ali Baş Komandana böyük inam və etimadın təntənəsidir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı