AnalitikaGündəmSiyasət

Əbu-Dabi tribunası: Azərbaycanın qlobal mövqeyinin konseptual təqdimatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış yalnız diplomatik protokol çərçivəsində səslənən fikirlər toplusu deyildi.

Bu çıxış mahiyyət etibarilə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu yerin, artan geosiyasi çəkisinin və humanitar dəyərlərə əsaslanan dövlət fəlsəfəsinin konseptual təqdimatı kimi tarixə düşdü. Əbu-Dabi tribunası bir daha göstərdi ki, Azərbaycan artıq regional aktor deyil, qlobal proseslərə təsir edən, təşəbbüs irəli sürən və beynəlxalq gündəmi formalaşdıran məsuliyyətli tərəfdaşdır.

Tədbirin mahiyyətində dayanan “insan qardaşlığı” ideyası Prezident İlham Əliyevin çıxışında yalnız mənəvi çağırış kimi deyil, praktik siyasətin əsas istiqaməti kimi şərh olundu. Mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanizmə söykənən siyasi irsi xatırladılaraq vurğulandı ki, xalqlar arasında etimad, dini və mədəni müxtəlifliyə hörmət, sosial ədalət və qarşılıqlı dəstək olmadan nə dayanıqlı inkişaf, nə də təhlükəsizlik mümkündür. Azərbaycan məhz bu prinsipləri real dövlət siyasətinə çevirən nadir ölkələrdən biri kimi təqdim edildi.

Ölkəmizdə formalaşmış tolerantlıq mühiti, multikulturalizm ənənələri və fərqli etnik-dini icmaların dinc yanaşı yaşaması artıq təkcə daxili sabitliyin göstəricisi deyil, beynəlxalq miqyasda örnək model kimi qəbul olunur. Azərbaycan müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamaqla sübut edir ki, mədəni müxtəliflik təhlükə deyil, inkişafın əsas resursudur. Bu yanaşma dövlət siyasətində sistemli şəkildə qorunur və təşviq edilir.

Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də regionda yaranmış yeni siyasi reallıqlar və Ermənistan–Azərbaycan münasibətlərində formalaşan sülh gündəliyi oldu. Vurğulandı ki, uzun illər davam edən münaqişə və qarşıdurma mərhələsi artıq geridə qalmalıdır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq revanşizm deyil, sülh, əməkdaşlıq və birgə inkişaf yolunu seçib. Bu isə gücün yalnız hərbi imkanlarla deyil, siyasi müdriklik və strateji uzaqgörənliklə ölçüldüyünü nümayiş etdirir.

Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi təşəbbüsü regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, qarşılıqlı etimadın bərpası və sərhədlərin sabitlik məkanına çevrilməsi Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq platformasına çevirə bilər. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, davamlı sülh yalnız ədalət, beynəlxalq hüquq və suverenliyə qarşılıqlı hörmət əsasında mümkündür və Azərbaycan bu prinsiplərin ardıcıl tərəfdarıdır. Bu yanaşma Ermənistan üçün də tarixi fürsətdir – seçim ya keçmişin düşmənçiliyi, ya da gələcəyin əməkdaşlığıdır.

Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması isə bütün bu siyasətin beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir. Bu mükafat təkcə bir liderin fəaliyyəti deyil, bütövlükdə Azərbaycanın humanitar diplomatiyasına, sülhyaratma təşəbbüslərinə, qlobal həmrəyliyə və ədalətli dünya nizamına verdiyi töhfəyə verilən yüksək dəyərdir. Əslində, bu mükafat Azərbaycanın seçdiyi yolun – dialoq, etimad və qarşılıqlı hörmət yolunun – düzgünlüyünün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin rəmzidir.

Əbu-Dabidən səslənən mesaj aydındır: müasir dünyanın gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır; təcriddə deyil, inteqrasiyadadır; nifrətdə deyil, insan qardaşlığındadır. Azərbaycan isə bu dəyərləri təkcə bəyan etmir, konkret addımlarla həyata keçirir. Prezident İlham Əliyevin çıxışı həm siyasi məzmunu, həm ideoloji dərinliyi, həm də strateji baxışı ilə ölkəmizin gələcək fəaliyyət xəttini müəyyənləşdirən proqram xarakterli müraciət kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın sülhü təşviq edən, ədaləti müdafiə edən və insanı siyasətin mərkəzinə qoyan dövlət olaraq dünya miqyasında mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirən tarixi bir bəyanat idi.

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button