Analitika

“Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Prezidentimiz qeyd edib: “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, – burada videoda da siz onu gördünüz, – ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Zəngilanda yeni iş yerləri yaradılır, çünki buraya – evlərinə, Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Bizim Böyük Qayıdış Proqramımızın bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası. Zəngilanda artıq böyük bir məktəb binası inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir. Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada – Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Bizim azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, bizim yaşıl enerji gündəliyimizə böyük töhfə olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə icra olunacaq. Ümid edirəm ki, bu layihəyə gələn il başlanılacaq. Enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir. Əziz qonaqlar, hörmətli dostlar, bir daha Şərqi Zəngəzura, Zəngilana xoş gəlmisiniz. Foruma uğurlar arzu edirəm.”

Səbinə Kazımova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button