Cəbrayıl şəhəri günü
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. 27 sentyabr saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Doşulu kəndi işğaldan azad edildi. Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələrinin dəqiq atəşi ilə məhv edildi. Oktyabrın 18-də saat 07:00 radələrində Ermənistan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu. Saat 12:30 radələrində isə cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən məhv edildi. Saat 16:45-də Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” hesabında paylaşım etdi. Bir müddət sonra isə İlham Əliyev özünün rəsmi “Twitter” hesabında Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağının videosunu paylaşdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı Cəbrayıl rayonu da işğaldan azad edilib.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı