Analitika

Bu gün Türkiyə – Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə həmişə böyük təntənə ilə qeyd edilir. Baxmayaraq ki, iki dost – qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sahələr üzrə çoxsaylı sənədlər imzalanır. Bu, iki qardaş ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlılığından xəbər verir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri də hər iki xalq üçün böyük bayrama çevrildi. Sentyabrın 19-da suverenliyimizi tam bərpa etdikdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri xüsusi əhəmiyyət daşıyırdı və qardaşlıq münasibətlərimizin tarixində yeni bir önəmli hadisə oldu. Ölkəmizin başçısı İlham Əliyev öz çıxışında qeyd etdi ki, Naxçıvan məlum təcavüz hadisələrindən sonra faktiki blokada şəraitində 15 il qazsız, işıqsız qaldı. Azərbaycanın əsas hissəsi ilə əlaqəsi tam kəsilmiş Naxçıvanın 90-cı illərdə işğal təhlükəsi vardı və bu təhlükəni yalnız Ümummilli lider Heydər Əliyev sovuşdura bildi və Naxçıvanı erməni təcavüzündən qorudu. Yalnız 2005-ci ildə İrandan mübadilə yolu ilə qaz alınması sayəsində Naxçıvana qaz verilmişdir. Azərbaycan tərəfindən uğurla aparılan bir günlük antiterror əməliyyatından sonra Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşə toxunan Prezidentimiz qeyd edib ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcəkdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq. Türkiyənin mənəvi və siyasi yardımı daim Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Bunu Azərbaycan xalqı da, onun Müzəffər Lideri də yükəsk qiymətləndirir. Bu gün Türkiyə – Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimiz və əməkdaşlığımız bütün sahələrdə gündən-günə daha da möhkəmlənir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana xüsusi əhəmiyyət daşıyan səfəri bunu bir daha sübut etdi.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button