Analitika

Bu gün Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Ermənistana kifayət qədər şans verildi. Ermənistan öz revanşist hərəkətlərini dayandırıb Azərbaycanla normal münasibətlər qurmalı, sülh sazişinin imzalanmasına yönələn işləri intensivləşdirməli, Qarabağı Azərbaycanın daxili məsələsi kimi tanımalı idi. Lakin Ermənistan tərəfi deyilən sözlərə əməl etmədi, tərəfimizdən verilən təklifləri rədd edərək həm sərhəd ərazilərdə, həm də Qarabağ bölgəsində ordumuzun mövqelərinə müxtəlif təxribatlara əl atdılar.

Təxribatlar nəticəsində Azərbaycanın mülki vətəndaşları, polis əməkdaşları mina qurbanına çevrildi. Ötən gün bu ərazilərdə həyatını itirən 12 nəfərdən 7-nin mina terrorunun qurbanı olduğunun şahidi olduq. Erməni separatçısı tərəfindən Azərbaycan xalqına qarşı terror aktlarının törədilməsi və Azərbaycan ordusunun yerləşdiyi döyüş nöqtələrinə atəş açılması nəticəsində insan tələfatına, itkilərə göz yuma bilməzdik.

Törədilən təxribatlara qarşı antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadan,yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır.

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü bəyanatına əsasən saat 13:00-dan etibarən Qarabağ erməniləri ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin dayandırılması haqqında razılığa gəlib. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən “Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxarmalı və tam şəkildə tərksilah olunmalıdırlar”. Azərbaycan Müdafiə Nazirliyi onuda əlavə edib ki, bu proses Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəkdir.

Bu proseslərin nəticəsi olaraq Qarabağın dağlıq ərazilərində bütün quldur dəstələri zərərsizləşdiriləcək, qondarma qurum buraxılacaq, Azərbaycan həmin bölgə üzrə də suverenliyini bərqərar edəcək, tezliklə Xankəndidə ölkəmizin konstitusiya qanunları işləyəcəkdir. Kimin nə bəyanat verməsindən, Azərbaycana qarşı təzyiqlərdən asılı olmayaraq, Ali Baş Komandanımız qarşısına qoyduğu bütün məqsədləri həyata keçiricəkdir. Azərbaycan xalqı ordusu ilə bərabərdir və əminəm ki, yaxın zamanda ölkəmiz bu məsələyə son qoyacaq.

Cənab Ali Baş Komandan İlham Əliyev: “Heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada biləcəyindən əminik və dövlətimizin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyirik.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button