AnalitikaGündəmSiyasət

Bu gün Avropanın ən çox ehtiyac duyulan lideri Prezident İlham Əliyev, ölkəsi isə Azərbaycandır

“Prezident İlham Əliyev noyabrın 23-də Serbiyada səfərdə oldu. Səfər çərçivəsində hər iki ölkənin başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirildi, neft-kimya müəssisələrinin fəaliyyəti, kənd təsərrüfatı, hərbi-texniki sahələrdə, həmçinin beynəlxalq arenada əməkdaşlığı özündə ehtiva edən və Azərbaycan-Serbiya strateji tərəfdaşlığını daha da gücləndirəcək bir sıra sənədlər imzalandı. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin səfəri Serbiya üçün enerji təhlükəsizliyinin təminatı, Azərbaycan üçün isə yeni iqtisadi-siyasi divident, Avropa qitəsi ilə münasibətlərin daha da möhkəmləndirilməsi baxımdan əhəmiyyətli oldu”.

Bunu “www.aktualinfo.az/icxeberinfo”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadan Avropa qitəsi ölkələrinə nəql olunan təbii qazın azalması, hətta dayanması Serbiya kimi ölkələri alternativ, lakin dayanıqlı enerji təchizatı mənbəyinə əlçatanlığı uğrunda mübarizə aparmağa məcbur edir: “O da sirr deyil ki, bu gün Avrasiya geosiyasi məkanında ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi Azərbaycandır. Bu gün Azərbaycan nəinki nefti və qazı, hətta elektrik enerjisi ilə qlobal enerji təhlükəsizliyi məsələsində xüsusi çəkiyə malikdir. Ona görə də, Avropa ölkələri daha çox Azərbaycanla əməkdaşlığa can atır, təhlükəsizliklərini təmin etmək üçün rəsmi Bakının “qapısını” döyürlər. Reallıqdır ki, Azərbaycanın liderliyi ilə reallaşdırılmış neft və qaz kəmərləri bu gün Avropa üçün həyati əhəmiyyət kəsb edir. Bütün Avropa ölkələri kimi Serbiya da bilir ki, bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də enerji koridoru, qovşağı olacaq. Bunu isə bütün Avropa qitəsi ölkələri bilir və bu gündən Azərbaycanla əlaqəli xoş addımlarını atırlar. Onu da əlavə edək ki, bu gün Serbiya Rusiya qazından asılı vəziyyətdədir. Lakin hərbi və geosiyasi vəziyyət Serbiyanı enerji təhlükəsizliyini təmin etməyə, Rusiyadan asılılığını azaltmağa məcbur edir. Elə bu səbəbdəndir ki, Serbiya 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Eyni zamanda, qeyd edilməlidir ki, Serbiyanın elektrik enerjisinə olan tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır. Elektrik enerjisinin 70 faizini kömürdən alan Serbiya milyonlarla ton kömür idxalına ehtiyac duyur. Ona görə də bu ölkənin elektrik enerjisi idxal etmək planları da genişdir. Heç şübhsiz ki, bu cür vəziyyət bütün Balkan ölkələrində müşahidə olunur. Bütün bunlara görə də qaz ixracı üçün Serbiya Bolqarıstanla interkonnektorun, Qara dəniz vasitəsilə Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılmasına çalışır. Məhz bu fonda təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, təsdiq olunmuş bərpaolunan enerji potensialının 167 qiqavatdan çox olan Azərbaycanı enerji təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir”.

“Serbiya kimi ölkələrin Azərbaycana strateji maraqları prizmasında yanaşmasından daha çox Prezident İlham Əliyevə olan xüsusi münasibətləri ali məqam kimi diqqət çəkir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev Serbiyada Avropanın ən çox sevilən və hörmət olunan lideri kimi qarşılandı: “Serbiyadakı mətbuat konfransı zamanı bu ölkənin prezidenti Aleksandar Vuçiçin fikirləri böyük maraq doğurub. O qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycan təkcə hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Çünki Avropada Prezident İlham Əliyevin sözünə imzası qədər inanırlar. Prezident İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Reallıqdır ki, bu gün Prezident İlham Əliyevin hazırki qarışıq dünyada Azərbaycanı və xalqını firavan, təhlükəsiz şəraitdə inkişaf etdirməsi bir çoxlarının qısqanclığına səbəb olur, hətta bir çoxları bundan nümunə götürür. Bir sözlə, bu gün Avropanın ən çox ehtiyac duyulan lideri Prezident İlham Əliyev, ölkəsi isə Azərbaycandır”.

Oxşar Xəbərlər

Back to top button