Analitika

Böyük zəfərin başlanğıcı

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27 sentyabr qisas günü idi, qalibiyyət uğrunda tarixi Qarabağ torpaqlarının işğaldan azadlığının başlanğıcı idi. Bu illər ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll imkanları istiqamətində Prezident İlham Əliyev beynəlxalq aləmdə ciddi siyasi iş aparmışdı.

27 sentyabr 2020-ci il – 1994-cü ildə bağlanan atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ardıcıl zərbələr endirən, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məkanına atəş yağdıran təcavüzkar layiqli cavabını aldı.Azərbaycana qarşı bu yeni təcavüz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Humanitar Hüququn, 1993-cü ildə qəbul edilən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin Ermənistan tərəfindən pozulması idi.

27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizin başlanğıcı oldu. 44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “Dəmir Yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu qələbənin önəmini belə vurğulayıb:

Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın.

Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik.

Düşmən bizim zəfərimizi həzm edə bilmir və daim təxribata əl atmağa çalışır.Növbəti təxribatın qarşısını layiqincə verən ordumuzun son qələbəsi bir daha bizim qüdrətimizi,rəşadətimizi sübut etdi.44 günlük qələbədən sonra 24 saat ərzində biz əzəli torpaqlarımıza qayıtdıq.Artıq Ağdərə, Xocalı, Xankəndi torpaqlarında Azərbaycanın müzəffər  ordusu qürurla   bayrağımızı dalğalandırır.

Bundan sonra biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq, azad edilmiş torpaqları qurub bərpa edəcəyik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.

Salayeva Məryam,
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Qida Sənayesi Kollecinin operatoru

Oxşar Xəbərlər

Back to top button