AnalitikaGündəmSiyasət

Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. Cənab Prezident həmçinin Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi, ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi. Bildirdi ki, Ermənistan, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ancaq görünür ki, Ermənistan 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq istəyirik, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi ağlını başına yığmalı, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi,”biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”.

Müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verildi. Ötən illərdə olduğu kimi bu il də işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinin sürətləndiriməsi prioritet vəzifə kimi dövlətimizin diqqət mərkəzində saxlanılacaq. Bu məqsədlə cari ildə ən azı 4 milyard manat ayrılacaq. Bildiyiniz kimi, üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılıb və bu proses 2025-ci ildə də davam etdiriləcək. Belə ki, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Hazırda həmin şəhər və kəndlərdə inşaat işləri gedir, layihələr icra olunur. Bu işlər yekunlaşdıqdan sonra isə ilin sonuna kimi 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Bunları nəzərə alaraq, cari ili Böyük Qayıdışın növbəti mərhələsi də adlandırmaq olar.

Dövlətimizin başçısı Ermənistan hökumətinə onu da xatırlatdı ki, dünya sürətlə dəyişir və bu dəyişiklik heç də Ermənistanın xeyrinə deyil. Kanadada qəfil hökumət dəyişikliyi, Suriyada Əsəd rejiminin bədnam çöküşü həm də o deməkdir ki, Ermənistanın özünə müttəfiq saydığı ölkə rəhbərlərinin sırası getdikcə seyrəlir və bu proses böyük ehtimalla davam edəcək. Heç şübhəsiz, qonşularımız da bunu görür və artıq bilirlər ki, Azərbaycanın təbii və strateji müttəfiqi olan qardaş Türkiyənin bu prosesdə rolu və iştirakı müstəsna əhəmiyyət daşıyır. Bununla yanaşı, ötən il dekabrın 19-da ölkəmizin D-8 kimi nüfuzlu təşkilata üzv qəbul edilməsi Azərbaycanın artmaqda olan siyasi çəkisinə və etibarlı tərəfdaş statusuna göstərilən beynəlxalq ehtiramın təzahürüdür. Bu, ölkəmizin və şəxsən  cənab Prezident İlham Əliyevin növbəti böyük uğuru olmaqla yanaşı, həm də Ermənistanı kənardan idarə edən bədxahlarımızın çirkin oyunlarına və məkrli planlarına ən tutarlı cavabdır. O da şübhəsizdir ki, Azərbaycan Prezidentinin növbəti mesajından da həm Ermənistan hökuməti, həm də onun havadarları mütləq nəticə çıxarmalı olacaq: “Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir.

İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Onların tezliklə İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır.

 Xəyalə Ağayeva,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button