Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya nümayiş etdirdi

Qələbəmizin rəmzi kimi 2020-ci il 10 dekabr tarixində ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” deyə qeyd etməsi bütün xalqımızda ruh yüksəkliyi və sevinc hissi yaratmışdır. Düşmən işğalından Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri tərəfindən orada sancılan Zəfər bayrağı Parada gətirilərək Azərbaycanın İkinci Qarabağ Müharibəsində şanlı qələbəsinin əsas simvolu kimi qürurla nümayiş olunmuşdur. Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu. Bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “10 dekabr – 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün, dünyanın bütün diqqətini Bakıya yönəltdiyi, Azadlıq Meydanında atılan hər bir addımın, hər bir sözün böyük həyəcan və maraqla izlənildiyi an. Dünyanın diqqətinin Bakıya yönəlməsinin başlıca səbəbləri” kimi xarakterizə olunur. İkinci Dünya Müharibəsindən sonra bir ölkənin işğal, terror, faşizm üzərində qələbəsi, işğalçını kapitulyasiyaya məcbur etdikdən sonra keçirdiyi ilk parad, ən yeni tarixdə regional düzəni dəyişən və yeni reallıqlar ortaya qoyan parad idi. Bu parad Cənubi Qafqaz regionunun tək hazırki dövrünün yox, həm də gələcəyi, gələcək münasibətlərinin dizaynını nümayiş etdirən, dostu dost, düşməni isə düşmən gözündə göstərən tarixi hadisə idi və nəhayət bu qalib Ali Baş Komandanın, qalib Ordunun və qalib xalqın paradı idi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər. Ölkə Prezidenti, yenilməz Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi sayəsində xalqımızın bir yumruq kimi birləşməsi, Qəhrəman Azərbaycan əsgərinin vətəninə, dövlətinə sonsuz sevgisi, hazırlıq səviyyəsi və təchizatı sayəsində, hərbi əməliyyatlar düşmən üzərində inamlı Qələbəsi ilə nəticələndi. Zəfər paradı göstərdi ki, Qələbə düsturunu şərtləndirən bütün amillərin hər birinin təməlində məhz ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Eyvazlı Rza,
YAP-ın gənc fəalı