AnalitikaGündəmOrdu

Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında olub.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda, sevincimizin ilk şahidi, qələbə müjdəçisidir. Harada və nə vaxt səslənməsindən asılı olmayaraq hər birimizin qəlbini riqqətə gətirən, ürəyimizdə xoş duyğular oyadan Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına müqəddəs üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin böyük qürur hissi və fəxrlə qeyd etdiyi kimi, dövlət bayrağımız milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçı, çağırışdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar dövlət bayrağımızın daim yüksəklərdə dalğalanması ilə müşayiət olunur: “Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə görülən işlər qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını təsdiqləyir. Həmin dövrdə müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrə uyğun olaraq ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, üçrəngli bayrağımızın azadlığımızın və suverenliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında dalğalanması həqiqətlərimizin təbliğinə geniş imkanlar açmışdır”.

Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Artıq bu gün – 9 noyabr Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır. Qürurla qeyd edirik ki, tariximiz yenidən yazılır. Artıq torpaqlarımızın işğal olunma tarixi işğaldan azad edilmə tarixi ilə əvəzlənir. Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, işğal altında olan digər torpaqlarımız da Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində azad olunacaq, müqəddəs bayrağımiz bütün Azərbaycanda dalğalanacaq. Bu gün ən yüksək zirvələrdə dalğalanan, küçə və meydanlarımızı, paytaxt və bölgələrimizi, şəhər və kəndlərimizi, qəsəbələrimizi bəzəyən, sentyabr ayının 27-dən bu günədək qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir: “Bir daha bütün dünyaya sübut edirik ki, biz böyük, məğrur xalqıq! Biz yenilməz xalqıq! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Bu birlik əbədidir! Bu gün bu əminliyi də böyük inam və qürurla ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tarixə 2020-ci ilin Zəfər Sərkərdəsi, Azərbaycan Ordusu ən güclü və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman Xalq kimi yazılacaq. Qarşıdakı illərdə bu birlik yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların uğurlu icrasını təmin edəcək. Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Günel Əlizadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button