Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişaf etməsi Türk Dünyası üçün böyük önəm kəsb edir
Azərbaycan Respublikası Prezidentinin yeritdiyi müdrik və uzaqgörən daxili və xarici siyasət sayəsində ölkəmizin bütün dünyada, həmçinin Mərkəzi Asiya ölkələrində nüfuzu gün keçdikcə artır. Dünyanın aparıcı ölkələri ölkəmizlə əməkdaşlığa can atır. Bu gün Azərbaycanın xarici siyasətində Türk Dünyası, habelə Mərkəzi Asiya ölkələri xüsusilə seçilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2023-cü ildə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Ölkələri 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidentini və digər dövlət başçılarını Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon qarşılayıb. Bu görüşə dəvət edilmək həm cənab prezidentin şəxsi nüfuzunun, həm də ölkəmizin beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Cənab Prezident öz çıxışı zamanı ölkələr arasındakı tarixi köklərə malik dövlətlərarası münasibətlərdən, sıx dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib. Həmçinin otuz ildən artıq müddətdə ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən qarşılıqlı fəaliyyətin nəticəsi olaraq, bir çox sahələrdə – kənd təsərrüfatı, pambıqçılıq, ipəkçilik, maşınqayırma, gəmiqayırma kimi sahələrdə əməkdaşlıq edilir və gün keçdikcə bu əməkdaşlıq daha da genişləndirilir. Dost ölkələrlə Azərbaycan Respublikası arasında birgə sərmayə fondları yaradılıb və növbəti illər üçün sərmayələrin həcmi razılaşdırılıb. Ölkələr arasında nəqliyyat və logistika mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb marşrutu ilə yükdaşımalarında artan tələbatı ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmiz tərəfindən müasirləşdirilir və daşınan malların həcminin artırılması nəzərdə tutulur. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da möhkəmlətmək üçün “Rəqəmsal İpək Yolu” layihəsinin üzərində fəal çalışılır.
Azərbaycan Respublikası ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsinin ən böyük sübutu kimi son bir il ərzində Dövlət başçımızın Məzkəzi Asiya ölkələrinə, həmçinin həmin ölkələrin başçılarının Azərbaycan Respublikasına səfərlərini misal göstərə bilərik. Bu əlaqələrin inkişaf etdirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk Dünyası üçün böyük önəm kəsb edir.
Nəcəfzadə Famil,
YAP-ın fəalı