Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksələn xətlə inkişaf edir
Prezident İlham Əliyevin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci məşvərət görüşündə iştirak etməsi siyasi müstəvidə Azərbaycan Respublikasının müstəqil siyasət yürütdüyünü dünya ölkələri arasında sayılıb-seçilən dövlətlərdən biri olduğunu sübut edir. Eyni zamanda sevinməliyik ki, Azərbaycan belə bir görüşlərdə iştirak edir. Qeyd etməliyik ki, 30 ildən artıqdır ki, Mərkəzi Asiya ölkələri ilə sıx qarşılıqlı fəaliyyət, iqtisadi eləcə də siyasi müstəvidə əlaqələr fəal şəkildə inkişaf edir. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci məşvərət görüşündə bildirdi ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin əsas səbəblərindən biri də qarşılıqlı yüksəksəviyyəli səfərlərin olmasıdır. Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər edib. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər. Bir-birimizə qarşı olan dostluq, qardaşlıq ənənəsi neçə illərdir yüksələn xətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində göstərdiyimiz işlər Türk Dövlətləri Təşkilatlarına üzv olan ölkələr tərəfindən yüksək qiymətləndirilir. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri də qarşılıqlı ticarətin və sərmayelərin artımıdır. Həmin iki istiqamət üzrə göstəricilər davamlı artır. Ötən il Azərbaycanın Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz daha artıb. Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci məşvərət görüşündə ölkələr arası nəqliyyat-logistika, Şərq-Qərb marşrutu ilə yükdaşımaları təmin edilməsi mövzularına da toxunulub. Bu da nəticə etibarilə, dost ölkələr arasında əməkdaşlığın bundan sonra da geniş inkişaf edəcəyinə işarədir.
Ələkbər Saleh,
YAP-ın fəalı