Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin xüsusi diqqətindədir
“Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə mühüm töhfə verəcək. Ötən 70 il ərzində Beynəlxalq Astronavtika Konqresi dünya miqyaslı mötəbər kosmik mütəxəssisləri davamlı olaraq bir araya gətirib və burada əsas məqsəd qlobal kosmik sənayedə əlaqələri gücləndirmək, bütün bəşəriyyət naminə qətiyyətli ismarış olan birlik, sülh və əməkdaşlığı çatdırmaqdır”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Beynəlxalq Astronavtika Federasiyasının kosmik tədqiqata sadiq və bir olan icma daxilində dostluq üçün körpülərin aşılması kimi irsi var. Sonuncu dəfə yarım əsr bundan əvvəl – 1973-cü ildə keçirildikdən bəri Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır. 24-cü Beynəlxalq Astronavtika Konqresi Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirilib. Həmim vaxt cənab İlham Əliyev atasını Konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə fotosu çəkilir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib.
“Azərbaycan on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik Azərbaycanda kosmik sənayenin inkişafını davam edir. Nəzərə alınmalıdır ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir”.
Onun sözlərinə görə, 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün son illərin ən prestijli, qlobal tədbiri baxımından kosmos sahəsində ən əvəzolunmaz bir tədbirdir. Tədbirlə bağlı #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib. Bu da Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin dünya ictimaiyyətinin xüsusi diqqətində olduğunu göstərir.