AnalitikaGündəm

Azərbaycanın enerji potensialı və ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi siyasət ən yüksək səviyyədə təqdir olunur

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Bu cür enerji potensialından istifadəni prioritet istiqamətə yönəldən Azərbaycan Prezidenti çox qısa müddətdə təşəbbüskarı olduğu Yaşıl Enerji Məşvərət Şurasını da etibarlı tərəfdaşlığın əsas müzakirə predmetinə çevirib. Bu sahədə ilk addım kimi ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən Azərbaycanın istehsal etdiyi (yaşıl enerji) elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkilərək Avropaya çatdırılacaq. Bu isə o deməkdir ki, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin daha dolğun şəkildə təmin edilməsində yaxından iştirak edəcək.

Artıq bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılmağa başlanılıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən yaşıl enerji zonası elan edilməsi partnyor şirkətlərin bu işə marağını artırıb. Belə ki, Azərbaycanın enerji investisiyalarında mühüm payı olan BP-nin artıq Cəbrayılda 230 meqavatlıq yeni günəş enerji stansiyasının tikilməsi haqqında qərarı bu sahəyə öz töhfəsini verəcək. Zəngəzur dəhlizi vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji xətti üçün artıq Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Yaşıl enerjini toplayacaq bu stansiya, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda quraşdırılacaq günəş və külək enerjisi stansiyalarından əldə olunacaq enerjini ixrac üçün yönəldəcək. Adıçəkilən regionların yaşıl enerji potensialı isə hesablamalara görə 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır.

Ümumilikdə isə azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikiləcək ki, onların da artıq 5-i istismara verilib.

Qlobal istiləşmə, dünya bazarlarında ənənəvi enerjinin qiymət dəyişikliyi, böhran və sair problemlər, həmçinin innovativ texnologiyaların əhəmiyyətinin cəmiyyətlər tərəfindən qəbul edilməsi təkcə Avstriya kimi ölkələrdə deyil, eləcə də bütün dünyada “yaşıl enerji” sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir.

Təbii ki, Azərbaycanın enerji potensialı və ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi siyasət ən yüksək səviyyədə təqdir olunur.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button