
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq arenada nə qədər dürüst və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Dövlət başçısı vurğulayıb ki, normallaşdırma səylərində iştirak etmək üçün Azərbaycana müraciət edən hər kəs ölkəmizin heç bir gizli niyyətinin olmadığına tam inanır. Azərbaycan regional və qlobal məsələlərin həllində hər zaman səmimiyyətlə kömək etməyə çalışıb.
Dövlətimizin davranış xətti ondan ibarətdir ki, kömək etmək imkanı olduqda bunu edir, olmadıqda isə dürüst şəkildə imkanın olmadığını bildirir. Hazırda isə Azərbaycanın həm maddi, həm siyasi, həm də digər formalarda kömək göstərmək üçün geniş imkanları mövcuddur.
Məhz bu dürüstlüyün və məxfi məlumatların sızdırılmaması xüsusiyyətinin nəticəsidir ki, bir-biri ilə ortaq dil tapa bilməyən ölkələr mübahisəli məqamlarda bizə etibar edirlər. Bu etimad həm də regional siyasət amilinə çevrilib və Azərbaycanın regional məsələlərdə rolunu təbii olaraq artırır. Bunun ən bariz nümunələrindən biri 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə yaşandı.
Aralarında bəziləri müharibə vəziyyətində olan bu ölkələrin hamısı həm Azərbaycanın sədrliyinə yekdilliklə səs verdi, həm də üç il sonra səlahiyyət müddətinin uzadılmasını yekdilliklə dəstəklədilər. Bunun səbəbi isə Azərbaycanın sədr seçilmək üçün kampaniya dövründə verdiyi bütün vədləri gerçəkdən icra etməsi idi. Eyni müsbət yanaşma COP29-a sədrlik dövründə ziddiyyətli mövqeləri və ciddi fikir ayrılıqlarını yaxınlaşdırmaqda da ölkəmizə böyük dəstək oldu.
Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı



