Analitika

Azərbaycan xalqının hərbi-siyasi tarixində yeni şanlı səhifə yazıldı

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana, xalqımıza  maddi və mənəvi ziyan vurmuşdur.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb. Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: “Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq.

Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlar iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.  Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button