AnalitikaGündəmSiyasət

Azərbaycan–Vyetnam əlaqələrinin dərinləşməsində “Təhsil və Elmi” əməkdaşlığın rolu böyükdür

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dünya birliyində öz mövqeyini gücləndirmək məqsədilə çoxvektorlu xarici siyasət həyata keçirmiş və bu siyasətin mühüm istiqamətlərindən biri kimi Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı prioritet elan etmişdir. Bu xüsusda, Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və dostluq prinsipləri əsasında davamlı şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Hərəkat üzvü olan ölkələrin vətəndaşları üçün dövlət hesabına təhsil və təqaüd imkanlarının təqdim olunması olmuşdur. Bu təşəbbüs çərçivəsində Vyetnamdan olan tələbələrin Azərbaycan Respublikasında təhsil almaları üçün geniş imkanlar yaradılmışdır. Həm bakalavriat, həm də magistratura səviyyəsində tətbiq olunan bu proqramlar, eyni zamanda elmi-tədqiqat fəaliyyətini də əhatə edir. Sözügedən proqramlar iki ölkə arasında yalnız təhsil mübadiləsini deyil, eyni zamanda elmi və texniki əməkdaşlığın inkişafını da təşviq edir. Azərbaycan və Vyetnam iqtisadiyyatında strateji əhəmiyyət kəsb edən enerji, aqrar sektor, informasiya texnologiyaları və sənaye kimi sahələrdə birgə elmi layihələrin həyata keçirilməsi, hər iki ölkənin davamlı inkişafına və elmi potensialının gücləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, universitetlər və elmi-tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi və birgə simpoziumların, konfransların təşkili məqsədəuyğun hesab edilir. Eyni zamanda, tələbə mübadiləsi iki ölkə arasında mədəniyyətlərarası dialoqun dərinləşməsində mühüm vasitə kimi çıxış edir. Vyetnamlı tələbələrin Azərbaycan cəmiyyətinə inteqrasiyası, Azərbaycan mədəniyyətinin və tarixi irsinin daha geniş miqyasda tanıdılmasına şərait yaradır. Bu proses, gənc nəslin qarşılıqlı anlaşma və hörmət ruhunda formalaşmasına töhfə verir və gələcəkdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq potensialının artırılmasına zəmin yaradır. Azərbaycan Respublikası tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq modelini təşviq edir və bu yanaşma təkcə siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır, həm də humanitar, təhsil və elmi sahələrdə özünü qabarıq şəkildə göstərir. Bu kontekstdə, Vyetnam ilə həyata keçirilən akademik və elmi mübadilə proqramları, ikitərəfli münasibətlərin dərinləşməsi baxımından strateji əhəmiyyət kəsb edir.  Hazırda dünya birliyi qarşısında dayanan çağırışlar, xüsusilə davamlı inkişaf, iqlim dəyişikliyi və texnoloji transformasiya sahəsində ölkələrin birgə səylər göstərməsini zəruri edir. Bu baxımdan, elmi əməkdaşlığın inkişafı yalnız milli səviyyədə deyil, qlobal səviyyədə də əhəmiyyətli nəticələr verə bilər. Azərbaycan və Vyetnamın bu istiqamətdə atdığı addımlar, həm regional, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. Nəticə etibarilə, Vyetnamlı tələbələrin Azərbaycan Respublikasında təhsil almaları və bu proses çərçivəsində formalaşan elmi və mədəni əməkdaşlıq platformaları, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatında üzv dövlətlərlə həmrəyliyə verdiyi dəyərin bariz göstəricisi kimi qiymətləndirilməlidir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button