GündəmAnalitikaSiyasət

Azərbaycan və Slovakiya dost ölkələr, strateji tərəfdaşlardır

“Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 8-də Slovakiyaya səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Slovakiyanın Prezidenti, Milli Şura sədri, Baş naziri ilə görüşlər keçirib, mühüm bəyanatlar səsləndirib. Birgə bəyanatlar zamanı səsləndirilən fikirlərin təhlili göstərir ki, Azərbaycan və Slovakiya arasında son illərdə inkişaf edən əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də geniş Avropa-Cənubi Qafqaz geosiyasi məkanında əhəmiyyətli təsirlər yaradan prosesdir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 2024-cü ildə Slovakiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələri ən yüksək səviyyəyə qaldıran bir sənəddir və onun imzalanmasından sonra bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq həyata keçirilməkdədir. Hətta, 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilib: “Sirr deyil ki, Slovakiya Avropanın mərkəzində yerləşən və enerji təchizatında şaxələndirməyə böyük ehtiyacı olan ölkələrdən biridir. Bu səbəbdən də Azərbaycanın Cənub Qaz Dəhlizi, yaşıl enerji ixrac planları və Xəzər hövzəsində geniş ehtiyatları Slovakiya üçün ciddi alternativ mənbə rolunu oynayır. Bu gün reallıqdır ki, Azərbaycan boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Ona görə də Azərbaycanın zəngin qaz yataqları dünyanın bir çox ölkələrinə təbii qazı ixrac etməsinə imkan yaradır. Təsadüfi deyil ki, Azərbaycan qazını almış ölkələrin sayı artıq 14-ə çatıb. Eləcə də bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Bu mənada ümumi Avropa nöqteyi-nəzərindən baxdıqda mütəxəssislər qeyd edirlər ki, bu əməkdaşlıq Avropanın Rusiya enerjisindən asılılığını bir qədər də azaldır, enerji marşrutlarını şaxələndirir və Cənubi Qafqazın strateji əhəmiyyətini artırır”.

“Azərbaycan Cənubi Qafqazın regional lideri kimi Mərkəzi Avropa ilə daha güclü siyasi və iqtisadi bağlar qurur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın bu məkanla əlaqələrinin genişlənməsi ticarət dövriyyəsinin artması, texnologiya və sənayenin birgə inkişafı, təhlükəsizlik məsələlərində koordinasiya kimi istiqamətlərdə ciddi üstünlüklər yaradır: “Perspektivdə Slovakiya Azərbaycanın təşviq etdiyi Orta Dəhliz üçün də vacib Avropa qovşaqlarından biri ola bilər. Bununla da Azərbaycan öz logistika imkanlarını Avropa bazarlarında daha geniş şəkildə reallaşdırar, Çin-Orta Asiya-Azərbaycan-Avropa xəttində yeni ticarət arqumentləri və Avropanın Şərqə bağlılığı daha balanslaşdırılmış formada inkişaf edər. Onu da qeyd edək ki, bu gün Slovakiya NATO üzvüdür, Azərbaycan isə NATO tərəfdaşıdır. Bu çərçivədə isə neytral hərbi dialoq platformaları, kiber təhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə, enerji infrastrukturlarının müdafiəsi sahələrində əməkdaşlıq genişlənə bilər. Bu eyni zamanda Azərbaycanın Qərb təhlükəsizlik strukturlarına daha yaxın siyasi tərəfdaş kimi mövqelərini gücləndirər, NATO ilə əməkdaşlıq kanallarını genişləndirər. Bir sözlə, Azərbaycan və Slovakiya strateji tərəfdaşlığı geosiyasi miqyasda Avropanın enerji xəritəsində Azərbaycanın rolunun güclənməsi, Orta Dəhliz üzərindən Avropa-Asiya ticarətində yeni strateji xəttin qurulması, Aİ daxilində Azərbaycanın mövqelərinə daha çox dəstək verilməsi, Cənubi Qafqazda sülh prosesinə Mərkəzi Avropanın qoşulması, təhlükəsizlik və müdafiə sahəsində daha sıx koordinasiya, Azərbaycanın çoxvektorlu siyasətinə əlavə geosiyasi üstünlük vəd edir”.

Oxşar Xəbərlər

Back to top button