AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı ekoloji baxımdan böyük əhəmiyyət daşıyan yaşıl enerji layihələrində də özünü göstərir

Azərbaycan və Gürcüstan əsrlər boyu mehriban qonşuluq, mədəni inteqrasiya və qarşılıqlı hörmət əsasında münasibətlər qurublar. Dövlətimizin başçısı çıxışında Gürcüstanın daxili sabitliyinin və siyasi uğurlarının Cənubi Qafqaz regionunun gələcəyi üçün vacib olduğunu vurğulayıb. Parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk xarici səfərini ölkəmizə etməsi iki dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin effektivliyini nümayiş etdirir.

Hər iki ölkənin liderləri qeyd etdilər ki, siyasi münasibətlərin inkişafı yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər, həmçinin xalqlar arasında əlaqələrin möhkəmlənməsi, mədəni inteqrasiya və ümumi maraqların qorunmasına əsaslanır. Siyasi sabitlik və əməkdaşlıq regionda sülhün və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.

Bu dost dövlətlər arasında iqtisadi əlaqələr də strateji əhəmiyyət daşıyır. Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir və 3,6 milyard dollar həcmində sərmayə ilə bu ölkənin iqtisadi inkişafına mühüm töhfə verib. Həmin investisiyalar enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Enerji sektoru isə bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Cənab İlham Əliyev vurğulayıb ki, birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir: “Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək…”.

Azərbaycan və Gürcüstanın strateji əməkdaşlığı ekoloji baxımdan böyük əhəmiyyət daşıyan yaşıl enerji layihələrində də özünü göstərir. Yeni hədəflər iki ölkənin gələcəyə yönəlmiş strateji baxışını əks etdirir. Bu layihələr həm regionun dayanıqlı inkişafına töhfə verir, həm də qlobal miqyasda enerji keçidinə dəstək göstərir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları fəaliyyət göstərir. “Ümumiyyətlə, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Eyni zamanda, Azərbaycanla Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Bundan başqa, xalqlarımız arasında mədəni və humanitar sahələrdə əlaqələrin davam etməsi ümumi maraqlarımıza uyğundur. Bütün bunlar ölkələrimiz və xalqlaırmız arasında münsibətləri davamlı olaraq gücləndirir”, Müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən ənənəvi görüşlər bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər və regionda tam təhlükəsiz, sülh içində, rifahlı həyatın çiçəklənməsi təmin olunacaqdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button