AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin strateji gücünü bir daha nümayiş etdirdi

Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır”. Bu fikri ümummilli liderimiz Heydər Əliyev zamanında Tbilisidə səfərdə olarkən ifadə edib. Yerində və çox sərrast ifadə edilmiş fikirdir. Həqiqətən də, biz həyatda ürəyimiz istəyən, zövqümüzə yatan çox şeyi seçirik. Bəyəndiklərimizi həyatımızda saxlayırıq, xoşumuz gəlməyənlərlə isə vidalaşırıq və yaxud yollarımızı ayırırıq. Ölkələr və xalqlar üçün isə qonşular tamam fərqli anlam kəsb edir. Obyektiv reallıqdır – heç bir xalq və yaxud dövlət öz qonşusunu seçmir. Bu, necə deyərlər, alın yazısı, tale qisməti kimi qəbul olunur. Yaxşı, nəcib, pis niyyətlərdən, hiylə və məkrlərdən uzaq qonşulara malik olmaq hər bir xalqın böyük şansıdır. Azərbaycan və gürcü xalqları da qonşu olmalarını özlərinin böyük üstünlükləri sayırlar.

Hazırda iki ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Prezident İlham Əliyev Gürcüstana növbəti işgüzar səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında bildirib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda.

Prezident İlham Əliyevin “mən doğrudan da özümü evimdəki kimi hiss edirəm” deməsi də iki ölkə və xalq arasındakı səmimiyyətin, xoş münasibətin ifadəsidir. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Yanvarın 17-də keçirilən görüş Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin strateji gücünü bir daha nümayiş etdirdi. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarını deyil, həm də geniş bir regionun gələcək inkişafını əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu əməkdaşlıq bu tərəfdaşlığın davamlı və sarsılmaz olduğunu göstərir. Azərbaycan və Gürcüstan, Avropa və Asiya arasında körpü rolunu oynayaraq, regionun və dünyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sabitliyinə mühüm töhfə verməyə davam edəcəkdir.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button