AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan arasında səmimi münasibətlər bundan sonra da möhkəmlənəcək

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Subsa su kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tiblisi-Ceyhan neft ixrac kəməritikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Hazırda koronavirus pandemiyası ilə əlaqədar olaraq, insanların səyahət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin gediş-gəliş açıq olan zamanlarda Gürcüstana gələn turistlərin arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar.

Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin  mətbuata bəyanatları zamanı dövlətimizin başçısı deyib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb.  Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi,  Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Dövlətimizin başçısı eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər.

Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizliyin təmin olunmasında da ciddi təsirə malikdir. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün daha əlverişli şərait var: “Azərbaycan və Gürcüstanın təhlükəsizlik sahəsində maraqları da üst-üstə düşür. Hər iki ölkə beynəlxalq platformalarda daim bir-birinə dəstək verib, ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış edib. Gürcüstan Azərbaycanın Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib. Yəni Azərbaycan və Gürcüstanı yaxınlaşdıran yalnız iqtisadi maraqlar, tarixi və siyasi amillər deyil, həm də təhlükəsizlik maraqlarıdır.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button