
2025-ci ilin 21 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çinin nüfuzlu Sinxua informasiya agentliyinə verdiyi müsahibə, iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini bir daha gündəmə gətirdi. Bu müsahibə, yalnız iki ölkə arasındakı diplomatik və iqtisadi münasibətlərin güclənməsi baxımından deyil, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyinin necə formalaşdığını göstərən mühüm sənəd kimi dəyərləndirilə bilər. Prezident Cənab İlham Əliyev müsahibəsində Azərbaycan və Çin arasında mövcud olan qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etdi. Çin, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biri kimi çıxış edir. Öz növbəsində Azərbaycan da “vahid Çin” siyasətinə sadiqliyini davam etdirir. Strateji tərəfdaşlıq çərçivəsində iki ölkə arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, təhsil, texnologiya və mədəniyyət sahələrində əməkdaşlıq ildən-ilə dərinləşir. Bu əməkdaşlıq, xüsusilə də regional sabitliyin qorunması və çoxqütblü dünyanın formalaşması baxımından əhəmiyyətlidir. Müsahibənin diqqət çəkən əsas hissələrindən biri Azərbaycanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələr idi.
İlham Əliyev vurğuladı ki, Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə edərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu isə ölkənin beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni avtomobil yolları və dəmir yolu infrastrukturuna yatırımlar bu təşəbbüsün uğurla həyata keçirilməsinə real töhfələrdir. Cənab Prezident müsahibədə enerji sahəsində də əməkdaşlığa xüsusi diqqət ayırdı. Azərbaycan ənənəvi enerji resurslarına malik olmasına baxmayaraq, alternativ və bərpa olunan enerji sahələrinə də böyük maraq göstərir. İlham Əliyev qeyd etdi ki, 2030-cu ilə qədər Azərbaycanın yaşıl enerji istehsal potensialı 6 QVt səviyyəsində proqnozlaşdırılır. Çin bu sahədə texnologiya və kapital baxımından önəmli tərəfdaş kimi çıxış edir. Artıq bir sıra Çin şirkətləri Azərbaycanın günəş və külək enerjisi layihələrində iştirak etməyə başlayıb. Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident Cənab İlham Əliyev müsahibəsində Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna malik olduğunu və bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirdi. Bu, Azərbaycanın Asiya bazarlarına və siyasi məkana inteqrasiyasının daha da dərinləşməsini təmin edir. İki ölkə arasında mədəni əlaqələrin genişlənməsi də diqqətdən kənarda qalmır. Çin dilinin Azərbaycanda öyrənilməsi, Konfutsi İnstitutunun fəaliyyəti və qarşılıqlı tələbə mübadilələri xalqlar arasında yaxınlaşmanı təmin edir. Prezident Cənab İlham Əliyev bu sahədə təşəbbüsləri dəstəklədiyini və qarşılıqlı anlaşmanın daha da güclənməsini istədiyini vurğulayıb.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi