Analitika

Azərbaycan və Belarusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır. Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verirlər.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırmışdır. Belə ki, Belarus prezidenti Aleksandr lukaşenko da ölkəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. 16 May 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər etmişdir.

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

“Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”deyə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 May 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxışı zamanı bildirib. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar.Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var.

Ölkə başçısı çıxışı zamanı bildirib ki, “Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata verdiyi bəyanatında – “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”, deyə bildirib.

Həmidə Ələfsərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button