Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı əbədidir!
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda görmək olar.
Qeyd edək ki, sentyabr ayının 25-də Naxçıvan şəhərində iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə respublikaları arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə səbəb olacaq Azərbaycan və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutdu.
Məhz adıçəkilən görüşdə Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının 1 milyon tondan 5 milyon tona qədər genişləndirilməsi ilə bağlı planlar Orta Dəhlizin gerçəkləşməsi istiqamətində atılan mühüm addımlardır. Göründüyü kimi, bu mühüm tarixi sənəd özündə hər iki dövlətin və xalqın milli mənafelərinə, beynəlxalq birliyin, o cümlədən regionun sabitliyinə, sülhə, rifaha və digər maraqlarına hesablanmış olduqca önəmli məsələlər barədə müddəaları özündə cəmləşdirib.
Bu səfər Azərbaycan və Türkiyənin sarsılmaz birliyi, həmrəyliyini bir daha bütün dünyaya sübut etdi. Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Azərbaycan-Türkiyə dövlət başçılarının Naxçıvan görüşü bölgəmizdəki mövcud vəziyyətə iki dövlətin baxışını əks etdirməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqazın gələcəyinə işıq saldı.
Türkiyə Prezidenti Ərdoğan “Bir millət, iki dövlət” şüarı çərçivəsində ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın bütün sahələrdə daha da genişləndiriləcəyini qeyd edərək, “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır”, deyə bildirdi. Türkiyə Prezidenti Ermənistan rəhbərliyindən də sülhə doğru səmimi addımların atılmasını gözlədiyini bildirdi.
Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq!
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi